Təxminən 5 min il əvvəl Danimarkada neolit dövrünə aid meqalit məzarlıqlarına yerləşdirilən gil qablarda pivə deyil, fermentləşdirilmiş süd məhsulları saxlanılıb. Arxeoloqların yeni araşdırması qədim dəfn mərasimlərində istifadə olunan qabların sirrini üzə çıxarıb.
Yeniera.az xəbər verir ki, bu qənaətə Kopenhagen Universitetinin arxeoloqu Lone Klaudi-Hansen və həmkarları gəliblər. Tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc olunub.
Araşdırma çərçivəsində alimlər Danimarkanın qərbində yerləşən Zelandiyada 24 arxeoloji abidədən tapılmış 330 gil qabı tədqiq ediblər. Bu qablar eramızdan əvvəl 3300–2800-cü illərdə Cənubi Skandinaviyada yaşamış, hunişəkilli qablar mədəniyyətinə mənsub ilk əkinçilərə aiddir.
Tədqiqatçılar 31 qabda turş və fermentləşdirilmiş məhsulların təsiri nəticəsində yarana bilən aşınma izləri, xırda çökəkliklər və səth qopmaları aşkar ediblər. Maraqlıdır ki, zədələnmiş qabların 29-u dəhlizli meqalit məzarlıqlarının kameralarından, yalnız biri yaşayış məskənindən, digəri isə bataqlıq ərazidən tapılıb.
Bu izlərin hansı məhsullar nəticəsində yarandığını müəyyənləşdirmək üçün alimlər xüsusi təcrübə aparıblar. Dulusçu qədim texnologiyalardan istifadə etməklə doqquz gil qab hazırlayıb və onları süd, zərdab, kefir, sirkə, pivə, bal şərbəti və su ilə doldurub. On həftə sonra qədim nümunələrdəki aşınma izlərinə ən çox fermentləşdirilmiş süd olan qabın uyğun gəldiyi müəyyənləşib. Pivə və bal şərbəti isə oxşar izlər yaratmayıb.
Alimlərin fikrincə, tapıntıların məzarlıqlarda cəmləşməsi təsadüfi deyil. Görünür, turş tərkibli məhsullar saxlanılan qablar dəfn mərasimləri üçün xüsusi olaraq seçilib. Əgər aşınma yalnız məhsulların uzun müddət saxlanılması nəticəsində yaranmış olsaydı, belə qablara gündəlik istifadə edilən yaşayış məskənlərində daha çox rast gəlinərdi.
Tədqiqatçılar qeyd edirlər ki, zədələnmiş qabların əksəriyyəti nazik divarlı və zəngin naxışlarla bəzədilmiş olub. Onlardan birinin üzərində süd çöküntüsünə bənzəyən ağ təbəqə də qorunub saxlanılıb.
Araşdırmanın müəlliflərinə görə, emal edilmiş qida və içkilərlə doldurulan qablar dəfn mərasimlərinin bir hissəsinə çevrilib. Bu məhsulların dadı, quruluşu və daha uzun müddət saxlanıla bilməsi onlara sosial və simvolik əhəmiyyət qazandırmış ola bilər.
Alimlər fermentləşdirilmiş süd məhsullarına üstünlük verilməsinin praktiki səbəblərini də qeyd edirlər. Belə ki, neolit dövründə Avropa əhalisinin yetkin nümayəndələrinin əksəriyyətində süd şəkərini həzm etməyə kömək edən laktaza fermenti kifayət qədər istehsal olunmurdu. Südün fermentasiyası isə laktozanın parçalanmasına və məhsulun daha uzun müddət saxlanmasına imkan verirdi. Bu üsulla müasir kefir və kəsmiyə bənzər məhsulların qədim formaları hazırlanırdı.
Qeyd edək ki, oxşar arxeoloji sübutlara Danimarkadan kənarda da rast gəlinib. Almaniyanın şimalındakı Vangels məzarlığında iribuynuzlu heyvanlardan əldə edilən məhsulların izləri, Polşada isə ritual qablarda süd yağları aşkar edilib.
YENİERA.AZ

