Ukrayna və Avropa ölkələri Baltik və Aralıq dənizlərində terror aktları təşkil edirlər. Onların oxşar təxribatları ABŞ sahillərinə yaxın ərazilərdə də törətməsi mümkündür.
Yeniera.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin üzvü Aleksey Juravlyov “Lenta.ru”ya açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə qarşı təxribat törətmək və buna görə Rusiyanı günahlandırmaq istədiyini iddia edib. O vurğulayıb ki, Zelenski bu məqsədlə istənilən fürsətdən istifadə edə bilər.
Juravlyovun sözlərinə görə, ABŞ Ukraynaya ciddi təzyiq göstərməklə onun cəbhədəki mövqelərini və arxa cəbhə ilə əlaqələrini zəiflədə bilərdi. Lakin deputat hesab edir ki, Vaşinqtonun belə bir məqsədi yoxdur. Onun fikrincə, iki ölkə lideri arasında mediada yaşanan açıq qarşıdurma sadəcə münasibətlərdə ciddi fikir ayrılığı olduğu görüntüsünü yaratmaq cəhdidir.
Deputat əlavə edib ki, Zelenski müharibənin başa çatması ehtimalından həqiqətən narahatdır. Onun fikrincə, Ukrayna liderinin Avropadakı tərəfdaşları da bu məsələdən ciddi narahatlıq keçirirlər.
“Onlar artıq Baltik və Aralıq dənizlərində terror aktları təşkil edirlər. Bəs eyni fəaliyyəti, məsələn, Meksika körfəzində, ABŞ sahillərinə daha yaxın ərazidə həyata keçirmələrinə nə mane ola bilər?” – deyə Juravlyov bildirib.
YENİERA.AZ

