Noyabrın 26-27-si Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa keçiriləcək.
YENİERA.az xəbər verir ki, bu barədə “Sülh körpüsü” təşəbbüsünün mətbuat üçün açıqlamasında bildirilib.
Qeyd edilib ki, dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-i Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunacaq.
Görüşdə həmçinin iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirləri, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanları nəzərdən keçiriləcək.
Müzakirələrin gündəliyinə humanitar məsələlər, gənclərlə iş, təhsil sahəsi, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də daxildir.
Xatırladaq ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.
İlk görüş 21-22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti mühüm görüş 21-22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər.
Sonuncu görüş isə bu ilin 10-12 aprel tarixlərində Qəbələdə keçirilib. Sözügedən görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunub.






