“Minecraft” oyununun Windows üçün Java Edition 26.3 versiyasında zərərli şriftlər vasitəsilə oyunçuların kompüterlərində kənar kodların uzaqdan icrasına imkan verən təhlükəsizlik boşluğu aşkarlanıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Metaratings Cybersport” məlumat yayıb.
“minecraft2shell” adlandırılan boşluq serverə qoşulan oyunçuların kompüterlərinə zərərli kodların ötürülməsinə şərait yaradır. Bunun üçün serverə daxil olan zaman yüklənən xüsusi resurs paketlərindən və zərərli TrueType şriftlərindən istifadə olunur.
Problemin səbəbi “Minecraft”ın şriftləri emal etmək və ekranda göstərmək üçün istifadə etdiyi FreeType 2.14.3 kitabxanasındakı xətadır. Xüsusi hazırlanmış şrift yükləndikdə yaddaşın ayrılmış sahəsindən kənara məlumat yazılır. Bu isə serverə oyun prosesi daxilində kodun idarə edilməsini ələ keçirmək imkanı verir.
Təhlükəsizlik boşluğunu “bikini” təxəllüsü ilə tanınan proqramçı aşkar edib. O, işlək eksployt hazırlayaraq “GitHub” platformasında “minecraft2shell” adı ilə yayımlayıb. Layihəyə 144 fərqli TrueType şrifti və eyni sayda JSON konfiqurasiya faylı daxil edilib.
Proqramçı boşluğu nümayiş etdirərkən zərərli şrift yerləşdirilmiş serverə qoşulan istifadəçinin kompüterində Windows-un standart kalkulyatorunu işə salıb.
Məlumata görə, təhlükəsizlik boşluğuna hələlik ayrıca CVE identifikatoru verilməyib. “Minecraft”ın tərtibatçıları və FreeType müəllifləri məsələ ilə bağlı açıqlama verməyib, problemin aradan qaldırılması üçün yeniləmə də yayımlanmayıb.
Oyunçulara təhlükəsizlik boşluğu aradan qaldırılanadək tanımadıqları çoxnəfərli oyun serverlərinə qoşulmamaq tövsiyə olunur.
YENİERA.AZ

