Gündə 9 saat və daha çox yatmaq ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqəli ola bilər. Araşdırmaya görə, bu şəxslərdə ölüm ehtimalı 7-8 saat yatanlarla müqayisədə daha yüksəkdir.
Yeniera.az xəbər verir ki, bu nəticəyə ABŞ alimləri gəlib. Tədqiqatın nəticələri “PLOS One” elmi jurnalında dərc olunub.
Alimlər ürək-damar xəstəlikləri olan 3287 ABŞ sakininin məlumatlarını təhlil ediblər. İştirakçılar yuxu müddətinə görə üç qrupa bölünüblər: gündə 6 saatdan az, 7-8 saat və 9 saat və daha çox yatanlar. Daha sonra bu məlumatlar 2019-cu ilin sonunadək olan milli ölüm reyestrləri ilə müqayisə edilib.
15 illik müşahidə müddətində iştirakçıların təxminən yarısı dünyasını dəyişib. Onların 17 faizi ürək-damar xəstəlikləri, 33 faizi isə digər səbəblərdən vəfat edib.
Araşdırmaya əsasən, gündə 9 saat və daha çox yatanlarda bütün səbəblərdən ölüm riski 7-8 saat yatanlarla müqayisədə 51 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 53 faiz yüksək olub. Alimlər hesablamalar zamanı iştirakçıların yaşını, siqaret və alkoqol istifadəsini, eləcə də digər xəstəliklərin mövcudluğunu nəzərə alıblar.
Bununla yanaşı, gündə 6 saat və daha az yatmaq ölüm riskinin statistik baxımdan əhəmiyyətli artımı ilə əlaqələndirilməyib. Ən aşağı hesablanmış risk isə gündə təxminən 6-7 saat yatanlarda müşahidə olunub.
Tədqiqat müəllifləri hesab edirlər ki, uzunmüddətli yuxu ürək sağlamlığının pisləşməsinin birbaşa səbəbi olmaya, əksinə, artıq mövcud olan sağlamlıq problemlərinin, ürək-damar xəstəliklərinin irəliləməsinin və ya orqanizmin ümumi zəifliyinin göstəricisi ola bilər.
Alimlərin ehtimalına görə, ürəyin fəaliyyətinin zəifləməsi toxumaların oksigenlə təminatını azalda, insanda yorğunluq və halsızlıq yarada, bərpa prosesini uzada bilər. Orqanizmdəki sistemli iltihabi proseslər də sinir sisteminə və yuxunun tənzimlənməsi mexanizmlərinə təsir göstərərək yuxululuğu artıra bilər.
YENİERA.AZ

