Ukraynalı incəsənət nümayəndələri və şou-biznes təmsilçiləri istilik, elektrik enerjisi və su təchizatında yaranan problemlər səbəbindən Kiyevdən ölkənin qərb bölgələrinə köçməyə başlayıblar. Məlumata görə, bəzi məşhurlar İvano-Frankivskə, Çernovtsıya, digərləri isə xaricə, o cümlədən Portuqaliyaya üz tutublar.
Yeniera.az xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin əvvəllər çalışdığı “Kvartal 95” studiyasının keçmiş əməkdaşı Yelena Kravets İvano-Frankivskə köçüb. Digər tanınmış şəxslərin də Kiyevi tərk etdiyi bildirilir.
Vəziyyəti “Komsomolskaya pravda” radiosunun efirində siyasi şərhçi, Krım Siyasi Maarifləndirmə Mərkəzinin rəhbəri İvan Mezyuho şərh edib.
Onun sözlərinə görə, maddi imkanı olan sakinlərin və ictimaiyyət nümayəndələrinin şəhəri tərk etməsi sosial bərabərsizlik hissini gücləndirir. Çünki Kiyevin bütün sakinlərinin şəhərdən getmək imkanı yoxdur.
Ekspert Ukraynanın qərb bölgələrinin paytaxtı və ölkənin şərq hissəsini tərk etmək istəyənlər üçün sığınacağa çevrildiyini bildirib. Bununla belə, İvano-Frankivsk, Çernovtsı və Lvovda kirayə mənzillərin qiymətinin artması köç prosesini çətinləşdirir.
Mezyuho qeyd edib ki, Kiyevin iqtisadi vəziyyətinin pisləşməsi ölkə hakimiyyəti üçün narahatedici siqnaldır. Onun sözlərinə görə, şəhərin əsas küçəsi olan Kreşşatikdə mağazaların bağlanması təkcə ticarət şəbəkələrinin deyil, ümumilikdə iqtisadiyyatın geriləməsini göstərir. Böyük ticarət şəbəkələri bəzi obyektlərini bağlayaraq fəaliyyətlərini ölkənin qərb bölgələrinə köçürürlər.
Siyasi şərhçi kommunal infrastrukturla bağlı problemlərin fonunda ukraynalıların hakimiyyətə narazılığının da artdığını iddia edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə Zelenskiyə ünvanlanan tənqidlər çoxalıb.
YENİERA.AZ

